Ödənişsiz ali təhsil kimin üçündür?

Azərbaycanda ali təhsil haqqının ləğv olunması haqqında təklifləri nəzərdən keçirərkən birinci olaraq ödənişsiz təhsildən hansı qrup gənclərin yararlanacağı haqqında düşünmək lazımdır.

Abbas Abbasov, PhD
4 min readNov 22, 2018

Təhsilə çatımlılığı artırmaq məqsədilə ali təhsilin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi və təhsil haqqlarının ləğvi Yunanıstan, Almaniya, ABŞ-ın bəzi ştatları, eləcə də bir sıra digər Qərbi Avropa ölkələrində sınaqdan keçirilmiş praktikadır. Hər bir ölkədə ödənişsiz ali təhsilə keçid tədrici şəkildə və kontekstdən asılı olaraq müəyyən şərtlər altında həyata keçirilir.

Bu sahədə olan təcrübə ilə tanış olmaq üçün gəlin üç keysi nəzərdən keçirək: 1) Yunanıstan (yalnız vətəndaşlar üçün tamamilə ödənişsiz bakalavr təhsili), 2) Almaniya (qeyd-şərtsiz və təmənnasız ali təhsil) və 3) Nyu York, ABŞ (müəyyən sosial kəsimdən olan və ştatda qeydiyyatı olanlar üçün pulsuz ali təhsil)

  1. Yunanıstan. Təmənnasız ali təhsil yunan konstitusiyasında əks olunduğuna görə, Yunanıstanda ali təhsilin ödənişsiz olması dövlət büdcəsi ilə bağlı olmaqla yanaşı, həm də hüquqi məsələdir. Konstitusiya, məhz bakalavr təhsili də daxil olmaqla, hər bir vətəndaşın kompleks təhsil hüququnu tanıyır. Ali təhsil müəssisələrinin cari büdcəsi ayrılan yerlərin sayına uyğun olaraq dövlət büdcəsi əsasında formalaşır və universitetlərdə çalışan işçilər birbaşa nazirlikdən maaş alır. Azərbaycanda olduğu kimi yunan abituriyentlər də vahid imtahan vasitəsilə ələnərək yığdıqları baldan asılı olaraq universitetlərdə ayrılan yerləri seçə bilirlər. İmtahandan uğurlu keçmək pulsuz ali təhsilin təminatçısı olduğuna görə məktəblilər qəbula hazırlıq üçün xeyli vaxt və resurslar sərf etməli olurlar. Belə vəziyyətdə imkanlı və yüksək sosial statusu olan ailələrdən çıxan məktəblilərin universitetə qəbul şansları artmış olur.
  2. Almaniya. 2015-ci ildə Almaniyanın Aşağı Saksoniya ştatında qəbul olunan qanunla ölkənin bütün ərazisində təmənnasız ali təhsil bərqərar oldu. Bu siyasətin reallaşması 1970-ci illərdə sosial demokratların qəbul etdiyi maliyyələşdirmə əsasında başlamış, lakin xeyli uzun və tədrici bir proses nəticəsində mümkün olmuşdur. Almaniyadakı pulsuz ali təhsili digər keyslərdən fərqləndirən cəhət universal şəkildə hamıya (qeyri-vətəndaşlar da daxil olmaqla) tətbiq olunması və qeyd-şərtsiz (minimum keçid balı və ya digər maneələr mövcud deyil) olmasıdır. Bundan əlavə, Yunanıstandan fərqli olaraq Almaniyada ali təhsil təkcə bakalavr səviyyəsində deyil, həm də magistr və ondan yuxarı səviyyədə ödənişsizdir.
  3. Nyu York, ABŞ. ABŞ-ın Nyu York ştatında 2018-ci ildə qəbul edilən “Ekselsior” təqaüd proqramı əsasında illik $110,000-dək gəliri olan ailələrdən çıxan tələbələr pulsuz bakalavr təhsili almaq üçün imkan əldə etmiş oldular. Bu proqramda iştirak yalnız ştatda son 12 ayda qeydiyyatda olan və təhsilini bitirdikdən sonra Nyu Yorkda qalıb işləmək istəyən şəxslərə şamil olunur. Bir sıra digər şərtlər də irəli sürməsinə baxmayaraq, “Ekselsior” proqramı geniş anlamda aşağı sosial statuslu ailələrdən olan tələbələrə pulsuz ali təhsil təmin etmiş olur. Yunanıstan və Almaniyadan fərqli olaraq, Nyu Yorkda həyata keçirilən proqram təmənnasız ali təhsilin ünvanlı şəkildə reallaşmasına nümunədir.

Yuxarıdakı hər üç nümunəni ali təhsilə çatımlılıq baxımından müqayisə etmək əlbəttə ki problemlidir. Çünki həm proqramların reallaşma müddəti, eləcə də hüquqi bazası və məqsədləri yerli kontekstlə sıx bağlıdır. Lakin əvvəldə verdiyim suala qayıdsaq — ödənişsiz ali təhsil kimin üçündür? — bir şey aydındır ki, vahid imtahan və məhdudlaşdırıcı şərtlər daxilində fəaliyyət göstərən sistemlərdə (məs., Yunanıstan) bu siyasətdən ən çox imkanlı abituriyentlər yararlanır. Almaniyada mövcud olan ikili ali təhsil sistemi — peşə məktəbləri və ali məktəblər — şəraitində universal və qeyd-şərtsiz pulsuz ali təhsilin daha müsbət təsirləri ola bilər. Lakin bu halda da yüksək vergilər hesabına formalaşan büdcəni nəzərə almaq lazımdır. Nyu Yorkda bu il başlanan ünvanlı proqram isə məhz ehtiyacı olan kəsimin ali təhsilə çatımlılığını artırmaqla, iqtisadiyyatı stimullaşdırmış olur.

Bütün bu siyasətlərin kökündə ali təhsilə çatımlılığı artırmaq durur. Çatımlılığın bir neçə göstəricisi olsa da, ən geniş istifadə olunan göstəricilərdən biri xalis davamiyyət indeksidir. Hər hansı bir ölkədə ali təhsil alan əhalinin ali təhsil səviyyəsinə çatmış gənclərə olan nisbətini müəyyən edən bu göstərici üzrə Azərbaycanda vəziyyət heç də ürəkaçan deyil (bax Şəkil 2).

Şəkil 2: Xalis davamiyyət indeksi, ali təhsil, hər iki cins (%), Mənbə: YUNESKO, 2016 (Abbasov & Jafarli, 2018, 20)

Azərbaycan və İsrailin ali təhsil sistemlərinin müqayisəli təhlilini apararkən (Arzu Jafarli ilə birlikdə), Azərbaycan ali təhsil sistemində çatımlılığı artırmaq üçün, pulsuz ali təhsilə keçməmişdən öncə, aşağıdakı təklifləri nəzərə almağı təklif edirik: (a) Ali təhsilə qəbulun bir neçə digər variantını müəyyən etmək (buraxılış və qəbul imtahanlarının nəticəsi əsasında qəbuldan başqa). Buraya İsrail praktikasında tətbiq olunan açıq qapı siyasəti ilə fəaliyyət göstərən və məktəb attestatı əsasında qəbul verən universitetlərin və ya ixtisasların yaradılması daxildir; (b) Peşə məktəblərinin sayının artırılması və texniki bazasının gücləndirilməsi. İsraildə çatımlılığın genişlənməsi başlıca olaraq texniki və peşə məktəblərinin sayının 600 faiz artımı və profilinin gücləndirilməsi hesabına mümkün olmuşdur; (c) Özəl ali təhsil müəssisələrinin fəaliyyətinə dəstək və yenilərinin açılmasının stimullaşdırılması. İsraildə buna məhz özəl universitetlərin fəaliyyətinə dövlət dəstəyi hesabına nail olunub.

Beləliklə, Azərbaycanda ödənişsiz ali təhsil təklifləri səslənərkən ilk əvvəl bu siyasətin kimə fayda verəcəyi haqqında suallar cavablandırılmalı və eyni məqsədlərə nail olmağın digər yolları nəzərdən keçirilməlidir.

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert