Bir qadın həyatı (I Hissə)
Barat Şəkinskayanın əziz xatirəsinə ithaf olunur.
Çox möhnətin sonu bir gün səadətdir bu dünyada,
Qış gedəndə bahar gələr, — bir adətdir bu dünyada.
— Əfzələddin Xaqani
Şəki ellərində toy-bayram idi. Bir il bundan qabaq vəfat etmiş, hamının sevimlisi, kənd ağsaqqalı Rəzzax bəyin qızı Barat əmisi Murad bəyin yaxın tanışı olan bir Bakı bəyinə ərə gedirdi. Bütün qızlar, gəlinlər Baratın bu şəninə sevinir, hətta bəziləri ona həsəd aparırdılar.
Təzə gəlin isə evdə toya hazırlaşırdı. Anası Zəhraxanımla son saatlarını yaşayan Barat toydan dərhal sonra əri Rüstəm bəylə Bakıya köçəcək və bir daha anasını görə bilməyəcəkdi.
— Ana, məni bu zalımın əlindən qurtar! — Baratın gözləri yaşla doldu, ağlamağa başladı, — evimizi taladığı az deyil, indi də məni ərə verib səndən ayırmaq istəyir.
— Ananı baladan heç kim ayıra bilməz qızım! Səni nə qədər uzaqlara aparsalar da, biz həmişə bir yerdəyik, — Zəhraxanım dərin ah çəkdi, sonra nədənsə narahat olub dilləndi, — Barat, birdən dəlilik eləyib, toydan qaçarsan aaa! Sonra bütün kənddə biabır olarıq, adımız bədnam olar. İndi ki o əmin olan Murad bəyin əsiriyik, gərək nə desə, ona da baş əyək, başqa çarəmiz yoxdur.
— Ata, hardasan, ata?! Niyə bizi qoyub getdin?! Gör bir zalım qardaşın başımıza nə oyunlar açır, — Barat ah-fəğan eləyib anasının dizlərinə sığındı.
Barat özü varlı bir ailədə boya-başa çatmışdı. Atası Şəki bəylərindən, anası isə məşhur Şəki elatlarından birinin qızı idi. Kasıblara, ehtiyacı olanlara həmişə əl tutan bu adlı-sanlı ailənin kənddə böyük hörməti vardı. Uşaqlığı şənlik, bolluq içərisində keçən Barat heç vaxt ata-ana nəvazişi sarıdan korluq çəkməmişdi. Kənd mühitində, təhsildən kənar bir yerdə yaşamağına baxmayaraq, babası ona yazıb-oxumağı öyrətmiş, babasının kitabxanasından klassiklərin — Sənainin, Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin və başqalarının əsərlərini oxumuşdu. Yaddaşı çox yaxşı idi, soruşsan, hamısını əzbərdən deyərdi.
O, zahirən ortaboylu, qonurgözlü, qarasaçlı, üz cizgilərindən qürurlu, cəsarətli olduğu elə ilk baxışdan anlaşılan, Şəkinin dağlarında, at belində böyümüş, açıq fikirli, namuslu bir azəri qızı idi. Atası Rəzzax bəy Şəkinin müdrik el ağsaqqallarından idi. Amma evin dayağı vəfat etdikdən sonra qoyub getdiyi təsərrüfat dağıldı, yalqız qalmış ana və qız yavaş-yavaş müflisləşməyə başladılar. Hələ bir bu azmış kimi, Həştərxandan qayıdan əmisi Murad bəy atasından qalma mirasın üstünə gəlib çıxandan sonra Barat və anası onun nökərinə çevrilmişdilər. Atasının Barata bağışladığı zinət əşyalarından başqa hər şeyi əlindən alan əmisi başından eləmək üçün Baratı özünün tanıdığı Bakı intilligentinə ərə verirdi.
— Ana, mən Bakıda sizdən ayrı necə yaşayaram?! — Barat, son dəfə anasına baxıb ondan kömək dilədi.
— Qızım, talemizdə ayrılıq da var imiş. Qismət..deməli, Allah belə məsləhət bilib — çarəsiz Zəhraxanım göz yaşlarını güclə saxladı. Qızını öpüb əlvida deyəndən sonra otağında hönkür-hönkür ağladı.
Anasından ayrılmış 16 yaşlı qızcığaz Bakıya — heç kimi tanımadığı yeni bir mühitə düşdü. Baratın əri Rüstəm bəy o dövrün Fransa meylli ziyalılarından idi. Tez-tez salonlara yığışar, nəsə həll edirmiş kimi uzun-uzun boş müzakirələr aparar, dava eləyib bir qənaətə gəlməmiş ayrılardılar. İnqilab düşüncəli əri Bakıya gələndən sonra Baratı qızlar gimnaziyasında oxumağa belə məcbur etmişdi. İlk əvvəl məcbur edilsə də, bir az sonra Barat təhsilin doğrudan da, xeyirli, qabaqcıl, heç də kənddə deyildiyi kimi yolsuz bir əməl olmadığını anlamışdı. Gimnaziyada oxuduğu zaman ədəbiyyata, mətbuata marağı çox artmışdı. Ərinin tez-tez evə gətirdiyi qəzet və jurnalları həvəslə oxuyar, həmişə orada məqalə və hekayələrini dərc etdirən müəlliflərə rəğbət bəsləyərdi.
Barat və intilligent əri Rüstəm bəy bir-birlərini sevib evlənməsələr də, aralarında həmişə bir hörmət vardı. Vətəni üçün bir şey edə bilməmişdisə də, Rüstəm bəy ürəyiaçıq, maarifpərvər bir şəxs idi. Bakı məktəblərindən birində fransız dili müəllimi işləyirdi. Qəzetlərə verdiyi məqalələrində xalqı maarifləndirməyə, təhsilə maraq oyatmağa çalışardı. Vətəninin əsl dərdinin cəhalət, nadanlıq olduğunu başa düşdüyü halda, bunun həlli yolunu köklü şəkildə avropalaşmaqda görürdü. Barat da belə bir mühitdə yetkinləşirdi. Lakin ərindən fərqli olaraq, onda doğma yurduna, kəndinin insanlarına hədsiz ehtiram və sevgi vardı. Vətənin dağ-daşında, ana təbiətin qucağında böyümüş bir övladdan yalnız belə vətənpərvərlik gözləmək olardı.
Fevral ayının ortalarıydı. Barat hələ gimnaziyanı bitirməmişdi. Evdə əyləşib Rüstəm bəyin gətirdiyi qəzet və jurnalları vərəqləyirdi. Birdən otağa Rüstəm bəylə Murad bəy daxil oldular. Barat neçə il idi ki, vaxtilə onu Bakıya “sürgün etmiş” əmisi Murad bəyi görmürdü. Həştərxandan qayıdandan sonra ailəsininin malı-mülkünü çapıb talamış əmisinə qarşı onun qəlbində yalnız nifrət vardı. Elə onu görən kimi də Barat ayağa qalxdı, otağı tərk etmək istəyirdi ki, əmisi:
— Barat, dur, ayaq saxla, sənə vacib sözüm var, — deyə onu dayandırdı.
— Niyə? Şəkidə az alçaltmısan, indi də ərimin yanında ələ salmaq istəyirsən? — Barat kinlə ona cavab verdi.
— Yox, Barat, Murad bəy anandan xəbər gətirib, — Rüstəm bəy Baratı sakitləşdirdi.
— Nə olub anama, nə olub? Əclaf, cavab ver!
Murad bəy dillənməyə cürət etmədi. Rüstəm bəy Barata yaxınlaşdı və birlikdə digər otağa çəkildilər.
— Nə olub anama, xəstə yatır, canı ağrıyır? — Barat təşvişlə soruşdu.
— Barat, Zəhrəxanım ana dünən rəhmətə gedib. Əmin də gəlib ki, səni Şəkiyə aparsın.
Rüstəm bəyin dediklərini eşitdikcə Baratın gözləri dolmağa başladı, hıçqıra-hıçqıra otaqdan çıxdı.
Elə həmin gün axşam Baratgili Şəkiyə yollandılar. Barat son dəfə anasını heç ölü də görə bilməmişdi. Onlar kəndə çatanda Zəhrəxanımı artıq torpağa tapşırmışdılar. Anasını doyunca qoxlaya bilməyən yazıq qız bu dünyada ən əziz insanı — anasını da itirdi. Ən acısı da o idi ki, Barat kənddən ayrılandan sonra əmisi Murad bəy Zəhrəxanımı yanından qovubmuş. Zəhrəxanım da kənddə cavan bir ailənin evinə sığınıbmış. Murad bəy yalnız indi, Zəhrəxanım öləndən sonra insafa gəlmiş və səhvlərini başa düşmüşdü.
(Birinci hissənin sonu)
Qeyd: 2004–2005-ci illərdə yazılmış, 2018-ci il dekabr ayında redaktə edilib. Hekayədəki bütün obrazlar və hadisələr müəllifin təxəyyülünün məhsuludur.