Bir qadın həyatı (II Hissə)

Barat Şəkinskayanın əziz xatirəsinə ithaf olunur.

Çox möhnətin sonu bir gün səadətdir bu dünyada,

Qış gedəndə bahar gələr, — bir adətdir bu dünyada.

— Əfzələddin Xaqani

Mənbə: Barat Şəkinskaya

— Hardadır anam?! Apar məni anamın yanına — onu gözləmədən anasının dəfn olunduğunu öyrənən Barat Murad bəyin üzərinə qışqıraraq ondan cavab dilədi. Rüstəm bəy Baratı sakitləşdirib Zəhraxanımın basdırıldığı yeri öyrəndikdən sonra onlar qəbiristanlığa yollandılar. Ən acı günlərini yaşayan Barat qəbiristanlığa gəlib kədərini soyuq qara torpaqla, Zəhraxanımın məzarıyla bölüşürdü. Ancaq burada özünü anasına yaxın hiss edə bilirdi. Bu günlər Barata bir dayaq, arxa lazım idi. Ana həsrətini əvəz edə biləcək, qəlbindəki kədəri yumşaldacaq bir dəstək…

Ana intizarı ilə alışıb yanan cavan qız əmisi Zəhraxanımı qovduqdan sonra tənha ananın sığındığı, təzə qurulmuş ailənin yaşadığı evə gəldi. Ər və arvad Baratı çox yaxşı qarşıladılar. Doğmaca qızından ayrı salınmış ana bu iki gəncə analıq eləyibmiş. Onların da bir yanğı ilə haqqında danışdıqları Zəhraxanım ana nəvazişini öz balasına göstərə bilməsə də, bu ailəni öz qayğısı ilə əhatə edə bilmişdi. İndi onlar Zəhraxanım ana haqqında yalnız xoş sözlər danışırdılar. Neçə gün anasının məzarı üstündə ağlayan Barat bu gənclərin yanında sanki özünə təsəlli tapa bilmişdi. Onlarla xeyli söhbət edib anasını xatırladıqdan sonra Barat getməyə hazırlaşdı. Cavan gəlin o biri otağa keçib əlində qədimi bir saatla qayıtdı.

— Barat xanım, bunu rəhmətlik ananız mənə hədiyyə etmişdi. Amma mənə elə gəlir, mənim bu saata heç bir haqqım yoxdur. Bu sizindir. Alın.

— Yox, nə danışırsız?! Əgər anam sizə veribsə, demək belə lazım bilib. Bunu anamdan yadigar saxlayın. Mən anamı bu saatsız da unutmaram. Artıq o əbədi mənimlədir. Bütün bu illər anama baxdığınız üçün çox sağ olun. Kaş sizin kimi insanlar bu dünyada çox olaydı. Sizi heç vaxt unutmayacağam. Yolunuz Bakıya düşsə, qonağımız olun. — deyib bu xeyirxah insanlardan ayrıldı.

Səhəri Baratgil Bakıya qayıtdılar. Artıq kənddə qalmağın mənası yox idi. Nə murdar əmisi Murad, nə də anasını xatırladan xatirələr onu rahat qoymurdular. Əvvəllər sanki canının yarısının Şəkidə olduğunu hiss etdiyi halda, indi artıq elə bil anası ilə qovuşmuşdu. Bakıya qayıtdıqdan sonra Barat daha mərd, daha müdrik, daha yetkin görünürdü sanki. Anasının ölümü çaşqın, saf, gənc qızı bu ağır həyat yolunda daha əzmkar və dözümlü etmişdi.

Elə həmin il Barat qızlar gimnaziyasını müvəffəqiyyətlə bitirdi. Təhsil cavan kənd qızını savadlı bir qadına çevirmişdi. İndi, gimnaziyadan məzun olduqdan sonra, Barat yazıb-yaratmaq, bu həyatda öz yolunu tapmaq, cəmiyyətin mövcud yaralarını sarımaq həvəsilə yaşayırdı. Həyatın bərk-boşundan çıxmış bu gənc qız artıq özünü buna hazır hiss edirdi. Rüstəm bəyin gətirdiyi qəzetlərin də Baratın bir maarifçi qadın kimi yetişməsində rolu az olmamışdı. Artıq onun əsas vəzifəsi kənddə böyüyərkən gördüyü cəhalətin içində boğulan xalqı, insanların zədələnmiş şüurunu oyatmaq idi. Vətənpərvər ruhda yazdığı məqalələri ilə elə ilk sayıdan məşhurlaşan Barat qadınlığını vurğulamaq üçün yazılarını “Şəkinskaya” təxəllüsü ilə dərc etdirirdi. Hər bir məqaləsində dövrün ağrılı məsələlərinə toxunan Şəkinskaya heç vaxt yazmağı dayandırmır, bunu özünün borcu bilirdi. Bütün digər yazıçılar kimi o da bu maarifləndirmə hərəkatına öz töhfəsini verirdi. Bu işdə onu Rüstəm bəy də həmişə dəstəkləyərdi.

Baratla Rüstəm bəyin münasibətlərinə gəldikdə isə, anasının ölümündən sonra mənən sınmış, bir daha yetim qalmış Barat özünə dayağı əri Rüstəmdə tapdı. Aralarında olan pərdə yavaş-yavaş bir növ yaxınlığa, sevgiyə çevrilməyə başlamışdı. Rüstəm bəy də Zəhraxanım ananın ölümündən sonra Barata xüsusi qayğıyla yanaşır, ona arxa olmağa çalışırdı. Zəhraxanımın sağlığında Baratı Şəkiyə, anasını görməyə aparmadığı üçün özünü günahkar sayırdı. Zamanla məhəbbətə çevrilən ailə münasibətləri Barat və Rüstəm bəyə bir körpə bəxş etdi. Bu bala ailəni möhkəmləndirdi, ər-arvadı daha da yaxınlaşdırdı. Barat, Arif (körpəyə Rüstəm bəyin rəhmətlik atasının adını qoymuşdular) doğulandan sonra qəzetdəki fəaliyyətinə bir qədər ara versə də, heç vaxt yazı-pozunu dayandırmamışdı. Eyni zamanda Arifin qeydinə qalır, ona diqqətini əsirgəmirdi. Arif böyüdükcə bu ailəni sevinc və səadətə qərq edirdi.

Yay günlərindən biri idi. Arifin artıq üç yaşı olmuşdu. Barat öz balası ilə oynayır, uşaq mahnılarını Arifə öyrətməyə çalışırdı. Ata-ana böyük əziyyətlə böyütdükləri Arif balanı gələcəkdə oxumuş, savadlı bir insan kimi görmək istəyirdilər. Elə indidən planlar qurur, Arifin harada təhsil alacağı barədə düşünürdülər. Özü qayğı içərisində böyümüş Barat yeganə oğlunu xaricə buraxmaq, onu valideyn nəvazişindən məhrum etmək istəmir, Rüstəm bəy isə əksinə Arifin ya Rusiya, ya da Almaniyada təhsil almağını istəyirdi. Amma, deyəsən, bu barədə fikirləşmək hələ bir qədər tez idi. Günü-gündən dəyişən bu dünyanın taleyini söyləmək çox çətindir. Kim bilir, bu aləmin sabahını, bu gününü və dünənini?!

Birdən qapı təlaşla döyüldü. Barat uşağı yatırdıb qapıya yaxınlaşdı. Qapını açanda içəri Rüstəm bəyin şagirdlərindən biri həyəcan içərisində daxil oldu. Uşaq elə bil marafon qaçışından birbaşa Baratgilə gəlmişdi — üzü qıpqırmızı, tər içində idi. Sifətindən isə qorxu hiss olunurdu. Sanki kimsə uşağı evəcən qovalamışdı. Bir az sonra Barat şübhələrindən ayrılıb dilləndi:

— Nə olub, ay bala, bu nə təşviş? Kimsə arxanca düşüb qovalayır? — deyə təəccüblə soruşdu.

— Yox, Barat xanım, şəhərdə…eh..meydanda…ooo…orada bir qoçu… — , uşağın gözləri yaşardı, sözünə davam edə bilməyib susdu.

Barat uşağı qucaqlayıb, — Yəqin, yenə o qoçular orda oyun çıxardırlar, güllə filan atıblar, uşaq da qorxub. Qorxma, artıq burdasan. Bizdə. İndi Rüstəm bəy gələr, səni də evə yola salar. Gəl, keçək, qonağım ol, çayımı iç, ağlama, gəl.

— Yox, Barat xanım, Rüstəm bəy artıq gələn deyil, — uşağın hönkürtüsü bir az da şiddətləndi.

— Necə, axı indi artıq məktəbdən çıxıb evə gəlməliydi. Harda olsa, indi gələr. Görünür, yolda dostlarıyla söhbət edir. Gələr indi, sən narahat olma.

— Yox, Barat xanım, qoçunun atdığı güllə…Rüstəm bəyi yaralayıb.

Barat narahatlıq içərisində, — Necə? Hardadır indi, meydandadır? — , deyib yüyürdü.

Təngənəfəs meydana gəlib çıxdı. Hamı Rüstəm bəyin başı üstündə toplaşmışdı. Barat çatanda iş-işdən keçmişdi, Rüstəm bəy artıq həyatda yox idi. Yazıq Barat onu görcək üstünə atılıb cəsədinə sarıldı. Ölü olduğunu da elə onda anladı.

— Rüstəm, məni qoyub getmə, yalqız qoyma məni bu dünyada! Sən gedə bilməzsən, ailəmizi başsız qoya bilməzsən! Qayıt, biz burdayıq! — Barat Rüstəmin meyidini qucaqlayıb özündən getdi.

Göz yaşı içərisində boğulan bu yazıq qadın yenidən şərin, zülmün atdığı güllənin qurbanına çevrilmişdi. Özü də tək yox, bu dəfə doğmaca balası Ariflə birlikdə. Təzəcə Rüstəm bəyə ruhən qovuşmuş, onu sevmişdi, amma artıq bu sevgini xəyallarında yaşatmağa məcbur idi. Sonralar məlum oldu ki, Rüstəm bəyi qoçu Əhməd güllələyibmiş. Rüstəm bəy son vaxtlar şəhərdəki vəziyyət, qoçuların özbaşınalığı haqqında qəzetlərə çoxlu satirik məqalələr verirdi. Elə buna görə də qoçu Əhmədin gülləsi məhz ona tuş gəlmişdi. Bir an içində Baratın həyatını alt-üst edən o güllə. Həyatından silmək, unutmaq da çox çətin o gülləni. Atasının ölümündən bixəbər Ariflə yalqız qalan Barat indi özü öz taleyinin keşiyində durmalı, bununla yanaşı, həm də kiçicik balasını böyütməliydi. Fikirləşməzdi ki, bir vaxt həyat onu belə ağır vəziyyətə salar. Amma nə çarə, taleyin qarşında sərdiyi cığırlara həmişə baş əyməli olursan, istəsən də, istəməsən də…

(İkinci hissənin sonu)

Qeyd: 2004–2005-ci illərdə yazılmış, 2018-ci il dekabr ayında redaktə edilib. Hekayədəki bütün obrazlar və hadisələr müəllifin təxəyyülünün məhsuludur.

PhD Student, Teachers College, Columbia University #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert

PhD Student, Teachers College, Columbia University #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert