Bir qadın həyatı (III Hissə)

Barat Şəkinskayanın əziz xatirəsinə ithaf olunur.

Abbas Abbasov, PhD
5 min readDec 16, 2018

Çox möhnətin sonu bir gün səadətdir bu dünyada,

Qış gedəndə bahar gələr, — bir adətdir bu dünyada.

— Əfzələddin Xaqani

Mənbə: Barat Şəkinskaya

Bərk xəzri küləyi əsirdi. Dar küçələrlə əsdikcə daha da sərtləşən və soyuqlaşan külək insanın sümüyünə işləyirdi. Qabağına çıxan hər şeyi sovurub aparan, uçurdub dağıdan bu qüvvənin əsl gücünü yalnız küçələrə sığınmış fağır-füğəra duya bilərdi.

Barat da öz pəncərəsindən boylanaraq evin qabağında dilənən səfillərə ürək ağrısıyla baxır, ancaq vəziyyətinin hal-hazırda onlarınkından heç də yaxşı olmadığını anlayan kimi isə pəncərədən uzaqlaşırdı.

— Arif, qaç gəl, xörəyini ye! — deyə oğlunu səslədi.

— Gəlirəm, ana!

Soyuq bir Cümə günü idi. Barat yeməyə qarabaşaq dəmləmişdi. Nə Arif, nə də Barat ana qarabaşağı sevməsələr də, yeməyə məcbur idilər; başqasına heç imkanları da yox idi. Barat artıq daha çox məqalə yazmaqla qazanc eldə etməyə çalışırdı. Amma nə qədər çox yazırdısa da, məqalələrdən aldığı məvacib bu iki nəfərlik balaca ailəyə kifayət etmirdi. Qəflətən qapı döyüldü. Barat qapını açanda qarşısında zalım əmisi Muradı gördü.

— Qızım, Barat, necəsən? Neçə vaxtdır səni görmürəm. Ay mənim balam, canım-gözüm darıxmışam e vallah, gəldim sizi görüm, — yaltaqlanmağa başladı.

— Hardan belə mehribanlıq?! Heç bu iki ildir, yadına düşmürük. Rüstəm gedəndən sonra heç qapımızı da döyməmisən. Hansı məramın, görəsən, səni bura gətirib. Olmaya nəsə işin düşüb yenə?!

— Yox, Barat, niyə belə danışırsan axı?! Olan olub da, artıq səhvimi başa düşmüşəm. Gəlmişəm, elə görüm qardaşım qızıyla, nəvəsi necə yaşayır. Doğrudan, Arif hanı?

— Sən, buyur, keç, Arif otağındadır, indi gəlir.

— Əmi gəlib, ana? (Arif Baratın əmisini elə əmi deyə çağırırdı)

— Hə, oğlum, get qarşıla, əmin sənin üçün darıxıb.

Murad bəy nə qədər xudbin və zülmkar adam olsa da, Barat heç vaxt Arifə onun haqqında pis danışmazdı. Uşağa nifrət aşılamaq onun təbiətinə yad bir şey idi. Amma Arif özü də Murad bəyi çox sevmirdi, uşaq qəlbiylə belə onun pis insan olduğunu anlaya bilmişdi.

Murad bəy Arif gələn kimi onu əzizləməyə başladı:

— A, Arif yekə kişi olub ki! Sən bir buna bax, gör nə yaraşıqlı oğlan olub. Elə atasına oxşayır. Afərin, Barat, təkbaşına olsan da, Arifi çox yaxşı böyütmüsən.

— Əmi, sən elə bunları deməyə gəlmisən? — Barat bilirdi ki, əmisinin bir məqsədi olmasaydı, heç vaxt gəlməzdi, — Əmi, nə dərdin varsa, de bilək.

— Yox, canım, nə dərdim olacaq?! Gəldim sizi görüm, həm də deyim ki, mən Şəkidən çıxıb gedirəm. Bundan belə atan evinə köçüb orda qala bilərsiz. Görürəm, çətinlik çəkirsən burda təkbaşına. Orda qalsanız yaxşı olar.

— Olmaya nəsə olub? — Barat bilirdi ki, əmisi heç vaxt özünün pul ağacından — atasının qoyub getdiyi təsərrüfatdan elə-belə əl çəkməzdi.

— Heç, sadəcə bu aralar bir az sıxıntı çəkirəm. Təsərrüfat işləri yaxşı getmir. Həştərxana getmək istəyirəm, amma bileti almağa heç pulum da yoxdur.

— Hər şey aydındır, əmi, heç özünü yorma. Bütün təsərrüfatı batırıb gəlmisən. Onda bizə demişdin ki, təsərrüfat işi qadınlıq deyil, amma deyəsən, sənin bu işdə qadından heç bir fərqin yoxdur. İndi də atamın qoyub getdiyi təsərrüfatı dağıtdıqdan sonra mən yadına düşdüm.

— Bağışla, qızım, bilirəm, günahkaram. Qınama məni. Nə olar, sən böyüklük göstər, yardım elə mənə, yeganə ümidim sənsən. Həştərxana getsəm, orda dostlarım var, iş quracam, qaz vurub, qazan dolduracam. Ordan sizə də pul göndərərəm. Nə olar, yardım elə, — deyə yalvararaq Baratın ayaqları altına atıldı.

— Əmi, bəsdir alçaldın, dur ayağa, çıx get, bizə etdiyin o “yaxşılıqları” hələ unutmamışam, unuda bilmərəm də. Ariflə özümə güclə çatdırdığım pulu sənə necə verim?

Murad bəy ayağa qalxdı, sifətində kinli bir baxış vardı. Birdən uca səslə Arif eşitsin deyə bütün evə qışqıra-qışqıra:

— Sən nə haqla, atasının ölümünü Arifdən gizlədirsən? (Barat Rüstəm bəyin öldüyünü Arifə bildirməmişdi, üç yaşlı uşaq bunu başa düşə bilməzdi də, sonralar isə deməyə heç məqam da tapmamışdı). Zalım qadın! Arif, oğlum, bura gəl görüm, anan səni aldadıb, atan Rusiyətdə filan deyil, atan ölüb, özü də iki ildir ki, ölüb — Barat Murad bəyin üzərinə atıldı, onu susdurmağa çalışsa da, Arif artıq hər şeyi eşitmişdi, otağın girişində dayanıb ağlamağa başlamışdı.

Barat Murad bəyin bu murdarlığını gördükcə heyrətlənir, ağzı-dili quruyurdu.

— Sus, iblis, sus rədd ol, bu evdən, rədd ol. Rahat burax bizi.

— Əlbəttə, nə var ki burda, bircə Həştərxana biletim alınsaydı, bircə pulum olsaydı, burda nə gəzirdim ki, çoxdan çıxıb getmişdim.

— Əclaf, — tez qaçıb Arifi qucağına alıb sakitləşdirən Barat məcburən otağından maaşının qalanını götürüb geri qayıtdı. Pulları əmisinin üzərinə tullayıb, — al, binamus, al! Arzum budur ki, mənə çəkdirdiyin cəfaları özün çəkəsən. İndi rədd ol və birdə bu qapını döyməyə cürət belə etmə. Rədd ol!

Murad bəy ac canavarlar təkin hərisliklə pulları yerdən yığıb qapıdan çıxdı. Şər növbəti dəfə Baratı tapmışdı. Yalnız bu dəfə həm də kiçik balasını — Arifi də yaralamışdı. Baratın qəlbini dağlayan da elə bu idi. Neçə il atasız böyütdüyü, göz bəbəyi kimi qoruduğu bala göyərçini itirməkdən, onun bu ağır xəbərə qatlaşa bilməyəcəyindən qorxurdu. Barat hələ heç ölümün nə demək olduğunu düz-əməlli anlamayan oğlu Arifi bərk-bərk qucaqlayıb hönkürə-hönkürə ağlayırdı. Qəlbindəkiləri izhar etmək çox çətin idi, indi onları yalnız göz yaşları anlada bilərdi. Ana-bala elə ağlaya-ağlaya da yuxuya getdi. Yuxuda hər ikisi bir mələyə bənzəyirdi.

Bir azdan Barat yuxudan oyandı, Arif isə hələ də yatırdı. Barat onu oyatmayıb yerindən qalxdı. Şirin yuxu bir anlığına bütün dərdləri unutdurmuşdu, ancaq qəmsiz olmur bu dünya, könüldə həm sevincin, həm kədərin yeri var. Birdən Baratı bir həyəcan basdı və öz-özünə fikirləşməyə başladı:

— Görəsən, indi bu evə hansı pulla baxacam. Ariflə özümə çətinliklə çatdırdığım pulun hamısın verdim o əclafa. Rüstəmdən qalma pul da bu gün, sabah qurtaracaq, bəs mən nə edim, hansı daşdan pul çıxardım? — üzünü əlləriylə örtüb sızıldamağa başladı.

Qəlbinin dərinliklərində özünü yeyib bitirən Baratın dərdini açıb danışmağa, ağlayıb ürəyini boşaltmağa bir yaxını da yox idi. Bütün bu çətinliklərə tək, daha doğrusu həyatdan hələ baş çıxartmayan biricik oğlu Ariflə sinə gərməliydi. İndi, maaşını itirdikdən sonra isə vəziyyəti daha da ağırlaşmışdı. Barat ümidini atasından qalma qır-qızıla bağlamışdı. Sandıqcasını qarşısına qoyub bir-bir qızıllarını əlinə alır, hər birinə toxunduqca isə rəhmətlik atası, xoşbəxt, qayğısız günləri, həsrətiylə hələ də alışıb yandığı anası və vaxtsız itirdiyi əri yadına düşürdü. Acı xatirələr Baratı ağladır, göz yaşları isə daş-qaşların üstünə düşdükcə onları parıldadır, sanki Baratın yaxşı günlərinin hələ qarşıda olduğundan xəbər verirdi. Belə bir anda onları satmaq haqqında fikirləşməyin özü belə Baratı yaxıb yandırırdı.

(Üçüncü hissənin sonu)

Qeyd: 2004–2005-ci illərdə yazılmış, 2018-ci il dekabr ayında redaktə edilib. Hekayədəki bütün obrazlar və hadisələr müəllifin təxəyyülünün məhsuludur.

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert