Biz hamımız çuşkayıq
Müəyyən qrup insanları — Üzeyir Mehdizadənin pərəstişkarlarını, “Bu Şəhərdə”nin zarafatlarına gülənləri, Rus dilini başa düşməyənləri — çuşka olaraq etiketləmək sovetlərdən qalma imperialist düşüncəsinin məhsuludur. Başqa sözlə, çuşkalığın kökündə “Sən mədəniyyət baxımından kasadsan” iddiası və bu yolla həmin şəxsləri əzib idarə etmək istəyi dayanır.
90-larda böyümüş hər bir kəs həyatında ən azı bir dəfə belə olsun kiməsə “çuşka” deyib və ya bu sözü öz ünvanına eşidib. Mən təəssüf ki bu sözü başqalarına deyənlərdən olmuşam və əminəm ki, digərləri də bu sözü mənə ünvanlayıblar. Sonralar bu sözün yenilənmiş və daha mürəkkəb formalarını — “ruskoyazıçnı çuşka”, “zır çuşka”, “rayonski çuşka” və başqa variantlarını görməyə başladım. Sözün düzü, son zamanlar “çuşka” sözünün elə də tez-tez istifadə olunduğunu müşahidə etməmişəm. Amma hər birimiz “çuşka”nın bir anlayış olaraq nə məna verdiyini hələ də ümumişlək şəkildə izah edə biliriksə, bu o deməkdir ki, çuşkalıq hələ də təfəkkürümüzün bir hissəsidir.
İndi deyəcəksiz ki, “Hə, nə olsun?!”, lap deyək ki, “çuşka” bir anlayış olaraq bizə tanışdır və işlənir. Deyə də bilərsiz ki, “Burada nə var ki?! Hər bir cəmiyyətdə insanlar müəyyən təbəqədən olan insanlara qarşı mənfi stereotiplər formalaşdırır”. Bu yazını yazmaqda məqsədim “çuşka” sözünün hardan gəldiyinə bir az işıq salmaq və nəyə görə bu sözü işlətməyimizin sovet imperializminin aləti olduğunu göstərməkdir.
Böyüdüyüm mühitdə atamla anamın ailələri arasında həmişə böyük uçurum olub. Bir tərəfin Rus dilli, digərinin isə Azərbaycan dilli olması bir yana, ailələrin təmsil etdikləri mədəniyyətlər də çox vaxt şəhərli-region ziddiyyəti baxımından toqquşurdu. Yəqin belə bir mühitdə “çuşka” sözünün tez-tez işlədildiyini təsəvvür etmək elə də çətin deyil. Deyirlər uşaqlıq xatirələri insan beyninin dərinliyində həkk olunur və çox güman bu gün çuşkalıq haqda yazmağımın səbəbi də elə budur.
“Çuşka” sözünün mənşəyi Rus dilində a) cavan donuz və ya donuz balası, eləcə də b) çox çirkli geyimdə olan baxımsız insan mənalarını verən чушка sözündən gəlir və təhqir olaraq istifadə olunur. Kiməsə “çuşka” deyəndə biz həmin şəxsin zövqsüz, mədəniyyətdən bixəbər, görünüşsüz, baxımsız, geridə qalmış və s. olduğunu bildirmək istəyirik. 90-larda, Rus dillilərin çoxluq təşkil etdiyi vaxtlarda bu sözdən istifadə Rus dillilərlə azərbaycanca danışanlar arasında ayrımı bildirirdi. İndi də çox hallarda məhz bu mənada işlənsə də, “çuşka” daha geniş şaxəli anlamı olan bir təhqirə çevrilib. İşləndiyi yerdən və mənasından asılı olmayaraq, “çuşka” adlandırılan şəxs bizim aid olduğumuz qrupa və ya sinfə üzvlükdən rədd edilir.
Çuşkalıqla sovet imperializminin nə əlaqəsi var? Çikaqo Universitetinin keçmiş siyasət professoru İris Marion Young özünün “Əsarətin beş üzü” əsərində mədəni imperializmi belə təsvir edir:
“Mədəni imperializm vasitəsilə əsarətə alınan insanlar həm stereotiplərlə səciyyələndirilir, həm də görünməz olmağa məcbur edilirlər. Stereotiplər onların kim ola biləcəyini və bilməyəcəyini müəyyənləşdirir. Eyni zamanda bu stereotiplər insanları “özgələrdən” ibarət kütləyə çevirir və onların fərqli kimliklərini əlindən alır.”
Sovet imperializmi və onun bu günkü qalıqları da bizi “çuşka” olaraq etiketlədiyimiz özgələrə çevirib. Bolşeviklərin qurduğu sistemin Rusiya İmperiyasının müstəmləkələri üzərində reallaşdırıldığını nəzərə alsaq, sovetləri zorakı imperiya olaraq görmək heç də çətin olmaz. Belə ki sovetlərin ölkəmizdə eləcə də digər yerlərdə güc yolu ilə hakimiyyəti ələ keçirməsi heç kimə sirr deyil. Bu baxımdan 70 ildən artıq bir müddətdə əsarətdə yaşayan xalqın bu gün belə eyni təfəkkürlə yaşaması təəccüb doğurmamalıdır.
Hər dəfə kiməsə “çuşka” deyəndə biz həmin imperialist təfəkkürü o insanlara tətbiq edirik və onların özgə olduğunu və keyfiyyət olaraq bizdən aşağı olduğunu göstərmək istəyirik. Bu yolla öz daxilimizdə qeyri-iradi özgələrdən ibarət görünməz hala çevrilmiş kütlə yaratmışıq. Halbuki imperialist düşüncəsinin də ən yaramaz cəhəti məhz əsarətdə tutduğu insanların təfəkkürünə işləyib onları öz alətinə çevirməsidir.
Üç mədəniyyətin — Rusiya, Türkiyə və İran təhsilli üç qardaşın dramını təsvir edən “Anamın kitabı” pyesində olduğu kimi imperialist təfəkkürünün məhsulu olan çuşkalıq bizi bir-birimizə özgələşdirib. Bizi qaçılmaz reallığımıza kor edib —biz hamımız çuşkayıq! Növbəti dəfə beynimizdə səssiz belə olsa, kimisə çuşka adlandıranda unutmayaq ki, nə qədər ki bu təfəkkür mövcud olacaq, o qədər də sovet imperializminin əsarətində olan biz hamımız çuşkayıq!