İnsan həyatı

Abbas Abbasov, PhD
2 min readNov 25, 2017

--

Mənbə: http://thisismylife.ie/

Həyatımız dörd mərhələdən ibarətdir: uşaqlıq, gənclik, yetkinlik və qocalıq. Həyat bu dövrlərin hər birini xüsusi bir axarla başa vurur və dayanmadan o birinə keçir. Dərinliyinə varmadan həyatı yaşayıb ötmək, uçurumdan sal qaya kimi bir göz qırpımında yerə yuvarlanmaq kimidir. Təəssüf ki həyatı anlamaq, onun fəlsəfəsinə varmaq hər insanın işi deyil. Hər üzləşdiyinə sinə gərə bilmək, sınmamamaq, hər vaxt adını uca tuta bilmək xeyli çətindir. Amma kimliyimizdən asılı olmayaraq, bu həyatı hamımız yaşayırıqsa, demək elə hamımızçün də ümumi qayda-qanun, müəyyən bir məxrəc olmalıdır.

Mən insan həyatını ürəyimizə bənzədərdim. O da dörd hissədən ibarətdir; eynən keçdiyimiz həyat yolu kimi dörd ardıcıl mərhələylə həmişə hərəkətdədir. Onun da hikməti vurmaq, döyünmək, həmişə yaşamaq və yaşatmaqdır. Ən maraqlısı isə odur ki, ürəyimizin hissələri qulaqcıq və mədəcik adlanırlar. Sanki bunda da bir məna, müdrik bir kəlam var: “Ətrafındakıları — hər eşitdiyini, gördüyünü, duyduğunu əvvəl qəbul et, sonra həzm etməyi öyrən və yalnız bundan sonra hökm çıxar”. Həyatda üzləşdiyimiz əksər çətinliklərin kökü gərək ki qulaq asmamaq, qarşımızdakıları dinləyə bilməmək, onları həzm etməmək olsun.

Hər nəfəs aldıqca qəlbimizin divarları yeni nəfəslə dolu qana bulanır və hər saniyə yenilənən qan bədənimizə yeni bir həyat, yeni bir ömür bəxş edir. Vaxt gəlib çatır və bir gün ürəyimiz dayanır, ömrümüz də bununla sona yetir. İnsan məhv olur, amma hər xeyir əməli şüurlarda, tarixlərdə yaratdığı hər abidə, hər xatirə onu əbədi yaşadır, silinməz edir. Odur ki…

Cahanı yaradan ey uca Allah,

Yaratdın ki bizi göyə ucalaq,

Qəlbi təmiz olaq, qəlbi pak olaq.

Ən saf əməlinlə bərkisin qolun!

Ey tanrı bəndəsi dayanma, yarat,

Yalnız halalını çörəyinə qat,

Seçdiyin sənəti hər vəchlə yaşat.

Gülüstana çevir xarabalığı,

Qalmasın bir işin gərək qalığı!

Dünyanı tərk etmək asandır asan,

Qorx ki, o dünyada betər yanasan,

Bəlkə, bu yuxudan bir oyanasan?!

Könlün nəğməsini aləmə dinlət,

Qoy nura boyansın şərqinlə zillət!

Əxz et kainatdan ən mükəmməlin,

Elm, hikmət olsun qızıl kəmərin,

İlahi nurundan gülsün qəmərin

Qəlbin yaşa dolsun həyat eşqilə,

İnsan yaşa dolsun çıxdıqca zilə!

May 2005 (2017-ci ilin noyabr ayında redaktə olunub)

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert