Mənim əziz Əzizəm

“Vətəni sakitcə də sevmək olar…”

Abbas Abbasov, PhD
3 min readFeb 3, 2018

Səhnədə yalnız dayanan piano parlaq qırmızı işıqla aydınlanan filarmoniya zalında, bir neçə dəqiqə sonra arxasına keçib özünü dilləndirəcək o mələyi gözləyirdi. Tamaşaçılar pıçıltıyla öz şirin söhbətlərini edərək səhnəyə fikir vermədən zalda olan istidən gileylənirdilər. Pərdələrin açılması ilə səhnəyə çox cılız, nisbətən hündürboylu, zalın möhtəşəmliyi qarşısında çox sadə və adi qalan qara uzun ipək paltarda biri daxil oldu. Zala baxaraq həyəcanını açıq-aydın birüzə verən gülümsəməsiylə pianosuna yaxınlaşdı — özünü həmişə təhlükəsiz və ən rahat hiss etdiyi yerə. İndi hər ikisi də al qırmızı işığın altında bir-birlərini tamamlayırdılar. Dağlardakı qardan da ağ bədəninə düşən qırmızı onu daha ecazkar və sehrli edirdi. Bir daha zala baxdı, gözləri anasını axtardı, anasının gözlərindəki inam onun daxilini ruhlandırdı və əlini az qala yerə çatan saçlarına toxundurub arxaya atdı. Ürkək səsi ilə hamıya ingiliscə “Salam” dedikdən sonra əlini son dəfə pianonun dilləri üzərindən yumşaqca keçirərək ilk notu səsləndirdi.

İfa etdiyi musiqi zaldakıları…Bundan sonrasını sözlərlə izah etməyi heç kim bacarmaz, onu yalnız dinləmək lazımdır.

Yalnız onu deyə bilərəm ki, Əzizə Mustafazadə mənim həyat qəhrəmanımdır. Yəqin, uşaqlıqda ən çox sevdiyim hekayənin məşhur “Çirkin ördək balası” olması məni həmişə təklikdə qalan qəhrəmanlar axtarmağa vadar edib.

Əzizə Mustafazadə Azərbaycandan gedərkən qəlbində bu ölkəyə qarşı hiss etdiklərini deyə bilmərəm, amma hamıya aydındır ki, ölkəmizi tərk etməsi sadəcə şirin həyat arzuları deyildi. Sadəcə öz ölkəsində atası kimi öz qiymətini ala bilməyəcəyinə inanırdı və buna görə də üzünü Qərbə tutmağa məcbur idi. Onun musiqisini dinləmədən, xaricdə verdiyi konsertlərə baxmadan və onun haqqında yazılanları oxumadan heç kim Əzizənin ölkəsini tərk etməsini düzgün qiymətləndirə bilməz.

Şəxsən mən hər dəfə CD-ni alıb hər yaratdığı əsərdə ölkəmizdən bir nişanə görəndən, musiqilərini dinləyərkən qırıq-qırıq, anlaşılmayan sözlərlə belə olsa, azərbaycanca səsləndirdiyini eşidəndən, verdiyi müsahibələrdə ayrılarkən heç də ən gözəl hisslərlə tərk etmədiyi Azərbaycan haqqında “Mən ölkəmin gələcəyinə inanıram” deyəndən, xaricilər qarşısında sənətinin peşəkarlığının ən yüksək səviyyəsinə arxalanaraq çəkinmədən Azərbaycan dilində yazılmış milli-etnik ruhda mahnılar oxuyandan və konsertlərində yüzlərlə dəfə mahnı sözləri kimi “Azərbaycan, Azərbaycan” deyəndən və nəhayət, atasını — Azərbaycanımızın ən yüksək adına layiq olan insanlarından birini — hər konsertdə yada salmadan bitirmədiyini görəndən sonra Əzizə Mustafazadə mənim həyat qəhrəmanım olub.

Əzizə sözün ən həqiqi mənasında Azərbaycandan kənarda olduğu bu illərdə dünya ulduzuna çevrildi. Son dəfə Azərbaycana gəldikdən sonra ölkəmizin fərasətsiz jurnalistlərindən biri onun haqqında bir səviyyəsiz verilişdə süjet nümayiş etdirərkən Əzizə haqqında boynunda sallanan qızıl xaça işarə edərək “Əzizə niyə boynuna xaç taxdı?” deyəndə isə öz qəlbimdə dedim: “Əzizə, sən ən düzünü etdin; Əzizə, sən ən müdrik olanını etdin; Əzizə, sən həmişə və həmişə mənim qəlbimin qəhrəmanı olaraq qalacaqsan nə olursa, olsun…”

Xatırlatma: Əzizə Mustafazadə hal-hazırda Frankfurtda, Almaniyada yaşayır. 2006-cı ildə Əzizə Mustafazadənin “Contrasts”, 2007-ci ildə isə “Contrasts II” albomları işıq üzü görüb. Ən sevindirici hal isə odur ki, Əzizə “Jazziza Records” adlı brendin sahibidir və albomlarını bu adla satışa buraxır.

Hamıya uğurlar və gəlin Əzizəni heç vaxt unutmayaq, ən azından o bizləri heç vaxt unutmur!

Noyabr 2008 (2018-ci ilin fevralında redaktə edilib)

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert