Qızlar üçün ali təhsil vacib deyil?!

2010-cu ildə aparılan sorğuya əsasən əhalinin 41%-i oğlan üçün ali təhsilin daha vacib olduğunu qeyd edib. Təəssüf ki 1990-ci illərlə müqayisədə ali təhsilin oğlan üçün daha vacib olması ilə razılaşanların sayında elə də böyük fərq yoxdur.

Abbas Abbasov, PhD
2 min readMar 29, 2019

Azərbaycanda gender bərabərliyi haqqında müzakirələrdə çox vaxt selektiv abortlar, iş yerində ayrı-seçkilik və məişət zorakılığı haqqında fikirlər səslənir. Lakin daha bir vacib məsələ qızların təhsilə çatımlılığıdır. Təhsil haqqında danışanda da daha çox diqqət orta məktəb təhsilinə ayrılır. Bu yazıda ali təhsilə çatımlılığa ictimai rəy nöqteyi nəzərindən baxmağı təklif edirəm. Başqa sözlə, Azərbaycanda qızların ali təhsilə çatımlılığına insanların münasibətini təhlil edəcəm.

Ölkəmizdə ictimai rəyi öyrənən iki sorğu təsisatı — beynəlxalq Dünya Dəyərlər Sorğusu və regional Qafqaz Barometri məhz qızların ali təhsilə çatımlılığı haqqında milli səviyyədə ictimai rəyi öyrənir. Qafqaz Barometrinin 2010-cu ildə şəhərlərdə və ətraf rayonlarda yaşayan 2,000-dən çox sakin arasında keçirdiyi sorğuya əsasən 41% respondent oğlan üçün ali təhsilin daha vacib olduğunu bildirib (“Tamamilə razıyam” və “Razıyam” seçimləri birlikdə).

Mənbə: Qafqaz Barometri — Azərbaycan, 2010 (Qeyd: “Tamamilə razı deyiləm”, “Razı deyiləm” və “Tamamilə razıyam”, “Razıyam” seçimləri birləşdirilib)

Dünya Dəyərlər Sorğusunda təhsilin oğlan üçün vacibliyi üzrə fərqli illərə aid nəticələrə baxaq. Sorğunun nəticələrinə əsasən 1990-cı illərdə 38% faiz (“Tamamilə razıyam” və “Razıyam” seçimləri birlikdə) respondent ali təhsilin oğlan üçün daha vacib olduğunu bildirmişdisə, 2010-cu illərdə isə bu göstərici 31%-ə enib.

Mənbə: Dünya Dəyərlər Sorğusu — Üçüncü (1994–1998) və Altıncı Dalğa (2010–2014)

Bu statistikanın ən acı tərəfi isə yaxın qonşularımızla müqayisədə cəmiyyət olaraq hələ çox uzun yol getməli olduğumuzdur. Azərbaycanda oğlanların ali təhsilini daha vacib bilənlərin ümumi sayı (“Tamamilə razıyam” və “Razıyam” birlikdə) təxminən 31% ikən, Ermənistanda və Gürcüstanda eyni fikirdə olan insanlar isə təxminən 25% və 18%-dir. Qafqaz Barometrinə nəzərən Dünya Dəyərlər Sorğusunda bildirilən statistika daha müsbət olsa belə, hər iki sorğuda Azərbaycan üzrə ictimai rəy heç də ürəkaçan deyil.

Mənbə: Dünya Dəyərlər Sorğusu — Altıncı dalğa (2010–2014)

Bundan belə həmyerlilərimizlə görüşəndə onlara bu sualı ünvanlamağa çalışacam: “Sizcə ali təhsil qıza münasibətdə oğlan üçün daha vacibdir?” — çünki statistikaya baxsaq, qarşınıza çıxan hər on nəfərdən dördü bu suala “Hə” cavabı verir. Bəlkə bu yolla o insanları maarifləndirə bildik…

Hacı Zeynalabdin Tağıyevi əbədiləşdirmək üçün heykəl qoymaq haqqında təkliflər səslənən bir dövrdə görünür onun irsinin ən vacib hissəsi cəmiyyətimizdə unudulub. Elə bu yazını da onun sözləri ilə bitirmək istəyirəm:

“Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə.”

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert