Qadınlaşmış müəllimlik problemdir?

“Nəyə görə qadınlar dərs deyir, kişilər isə idarə edir?”

Abbas Abbasov, PhD
2 min readApr 27, 2019
XX əsrin əvvəllərində qızlar məktəbində dərs otağı (Mənbə: www.faktxeber.com)

Müəllimlik peşəsinin qadınlaşması yeni fenomen deyil. 19-cu əsrdə sənayeləşmə dövrünə addımlamış bütün cəmiyyətlərdə əhali artımı eləcə də təhsilə çatımlılığın genişlənməsi nəticəsində qadınların müəllimlik peşəsinə axını baş tutdu. İlkin dövrlərdə ABŞ-da və Qərbi Avropa ölkələrində qadınların müəllimliyə gəlişi həm daha ucuz əmək mənbəyi olaraq, həm də stereotipik “qayğıkeş ana” obrazı ilə uzlaşdığına görə böyük həvəslə qarşılandı. Nəticədə 2017-ci il üzrə Dünya Bankının verilərinə əsasən dünya üzrə ibtidai siniflərdə dərs dəyən peşəkar müəllimlərin 87%-dən çoxunu qadınlar təşkil edib.

Lakin qadınların bu peşədə artımı təhsil idarəçilərinin sayında öz əksini tapmayıb. Myra Strober və David Tyack 1980-ci ildə yazdıqları məşhur “Niyə qadınlar dərs deyir, kişilər isə idarə edir?” başlıqlı elmi məqalələrində bunu cəmiyyətdə mövcud olan patriarxal dünyagörüşü ilə əlaqələndirirlər.

ABŞ-da dövlət məktəblərində 85% müəllimlərin qadın olmasına baxmayaraq idarəçilik mövqelərində kişilərin üstünlük təşkil etməsi gender stereotipləri ilə izah olunur. Kişilər daha yaxşı idarəçi olaraq göründükləri və daha yüksək maaşlı işlərə namizəd olduqları üçün təhsil idarəçiliyində tarazlıq pozulub. Məsələn, Azərbaycanda təhsil sahəsində çalışanların təxminən 80%-ni qadınlar təşkil etsə də, məhz idarəçilik rollarını tutduqlarına görə kişilər qadınlardan 15% çox maaş alırlar.

Müəllimlik peşəsində qadınların çoxluğuna daha makro səviyyədə baxsaq görərik ki, eyni tendensiya səhiyyədə də mövcuddur. Qadınların əksəriyyətinin tibbdə peşə sahibi olmasına baxmayaraq, səhiyyədə ən məsul vəzifələr, baş həkimlər, eləcə də yüksək gəlirli tibb peşələri kişilər tərəfindən tutulur. Bu səbəbdən sadəcə kimin çoxluq təşkil etdiyinə deyil, (1) kimin məsul vəzifələri tutduğuna və (2) kimlərin daha yüksək maaş aldığına baxmaq lazımdır.

Azərbaycanda gender problemlərinə aid tədqiqat işinin nəticələrinə əsasən qadınlar iki ən aşağı maaşlı sahədə — təhsil və səhiyyə sahələrində — çoxluq təşkil edirlər. Maaşlarda gender qeyri-bərabərliyi neft pullarının ölkəyə gəlməsilə daha da pişləşib. Belə ki mədən sənayesi, tikinti, maliyyə və sığorta işi, müdafiə və təhlükəsizlik kimi kişilərin çoxluq təşkil etdiyi sahələrdə 2000-ci ildən etibarən dinamik maaş artımı baş versə də, qadınların çoxluq təşkil etdiyi səhiyyə və təhsil sahələrində maaşlar demək olar dəyişməz olaraq qalır.

Bütün bunlara baxmayaraq, nədənsə qadınların təhsildə çoxluğu sanki qadınlar tərəfindən yaradılmış problem olaraq təqdim olunur. Bəli, kişilərin təhsildə və xüsusən müəllimlikdə daha çox təmsil olunmasına ehtiyac var. Lakin bunu etmək təhsildə çoxluq təşkil edən kişi idarəçilərin və ümumilikdə kişilərin işidir. Bütün tədqiqatlardan yan keçib, gender rolları haqqında stereotipik baxışlara əsaslanan fikirlər səsləndirmək isə sadəcə boşboğazlıqdır.

Mənbələr:

Strober, M. H., & Tyack, D. (1980). Why do women teach and men manage? A report on research on schools. Signs: Journal of women in culture and society, 5(3), 494–503

Wallwork, Lucy. (2016). Natural Resources and the Gender Gap in Azerbaijan. Caucasus Analytical Digest 90, 11–14.

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert