Qadınların təhsilə çıxışı ilə bağlı problemlər şişirdilir?
Azərbaycanda qadınların təhsilə çıxışı ilə bağlı ciddi maneələrin olduğu haqqında həyəcan təbili çalmağın vaxtıdır. Bu sahədə problemin nə qədər dərin olduğunu anlamaq üçün mövcud statistik məlumatlara baxmaq kifayətdir. Şəhla Qarayeva Təqaüd Proqramı kimi təşəbbüslər qadınların təhsilə əlçatanlığını işıqlandırmaq və həll yolları təklif etmək üçün yaradılıb.

Azərbaycanda 15–24 yaş əhali arasında oxuma-yazma qabiliyyəti olmayanların təxminən 67%-ini, 25–64 yaş əhali arasında isə 77,4%-ini qadınlar təşkil edir (YUNESKO, 2021). Təkcə 2017-ci ildə, 15 yaş və ondan yuxarı yaşlı azərbaycanlılar arasında oxuma-yazma qabiliyyəti olmayan qadınların sayı (10,764) kişilərin sayından (5,015) iki dəfədən çox olub (YUNESKO, 2021). Nəzərə alın ki, burada söhbət oxuma-yazma kimi baza bacarıqlardan gedir.
Bundan əlavə, Azərbaycanda ümumi orta təhsilin 11 il olduğunu nəzərə alsaq, qadınlar arasında ortalama tamamlanmış təhsil illəri 10.2-ə bərabər olduğu halda, kişilər arasında bu rəqəm 10.9-a bərabərdir (YUNESKO, 2021). Başqa sözlə, qadınlar arasında 11 illik təhsili başa vurmayanlar kişilərə nisbətən qat-qat daha çoxdur. Bu rəqəmi tam başa düşmək üçün məktəb qeydiyyatından çıxarılan yeniyetmələrin inkişaf trendinə baxmaq olar. Burada görərik ki, təkcə 2018-ci ildə məktəbdən kənar qalan yeniyetmə qızların sayı (2,594) oğlanların sayından (639) dörd dəfədən çoxdur (YUNESKO, 2021).
Yuxarıda sadalananlar Azərbaycanda qızların təhsili ilə bağlı ciddi maneələrin olduğu haqqında həyəcan təbili çalmaq üçün kifayətdir. Bütün bunları nəzərə alaraq, 2018-ci ildə mərhum professor və filoloq Şəhla Qarayevanın (1962–2018) adını daşıyan Şəhla Qarayeva Təqaüd Proqramının (ŞQTP) əsasını qoyduq (ŞQTP, 2021). Tamamilə könüllü əsaslarla çalışan komanda olaraq başlatdığımız proqram Dr. Qarayevanın həyatında əldə etdiyi uğurlar, keçdiyi əziyyətli yol və azad qadın nümunəsi olaraq qurduğu karyeraya ithafən onun kimi müstəqil, peşəkar və öz ayaqları üzərində durmağı bacaran qadınları yetişdirmək missiyası daşıyır.
ŞQTP-nin gender bərabərliyi və Şəhla Qarayevanın xatirəsi ilə bağlı olan rəmzi missiyası ilə yanaşı, göstərdiyimiz maddi və qeyri-maddi köməyin məhz Azərbaycandan olan qızlara hədəflənməsinin daha dərin səbəbləri ölkəmizdə mövcud olan gender stereotipləri və patriarxal təfəkkürdür.
Azərbaycanda qadınların təhsili baxımından maneələrin struktur baxımından həlli nə qədər vacibdirsə, milli təfəkkürümüzdə də köklü dəyişikliklərə ehtiyac var.
Təəssüf ki, cəmiyyətimizdə qadınların təhsilə çatımlılığına ən böyük maneələrdən bəlkə də ən birincisi qadınların ali təhsil almasına olan münasibətdir və ya başqa sözlə, savadlı, uğurlu, peşəkar və liderlik rollarında olan qadınlara qarşı mühakiməli fikirlərdir. Azərbaycanda keçirilən ictimai rəy sorğularının nəticəsi onu göstərir ki, sorğuda iştirak edənlərin 41%-i kişilər üçün ali təhsilin qadınlarla müqayisədə daha vacib olduğunu fikirləşir. Necə də olsa, cəmiyyətimizdə qadınların ali təhsil diplomuna münasibətin çox vaxt “cehiz atributu” olaraq yanaşılması heç kimə sirr deyil. Bu sorğu haqqında daha geniş şəkildə aşağıdakı yazıdan ətraflı oxuya bilərsiniz.
Qızlar üçün ali təhsil vacib deyil?! | by Abbas Abbasov | Medium
Daha da dərinə getsək, adicə dilimizdə olan qız və oğlan övladı ilə bağlı sözlərə fikir verə bilərik. Azərbaycan dilində övladın oğlan olduğunu bildirmək üçün xüsusi bir söz (oğul) olduğu halda, qız övladı üçün istifadə olunan söz (qız) insanın bioloji cinsini bildirmək üçün istifadə olunan sözdən (qız) fərqlənmir. Bu nə qədər də sadəcə dilimizdə olan adi semantika ilə bağlı olsa da, arxasında əsrlərlə formalaşan patriarxal mentalitetin olduğu danılmazdır. Bunu aydın şəkildə müşahidə etmək üçün atalar sözlərimizə də baxa bilərik: “Qızını döyməyən, dizinə döyər”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qız yükü, duz yükü” və s. Məhz patriarxata söykənən təfəkkürə görə folklorumuzda bu kimi ifadələrin kişilərlə bağlı qarşılığını tapmaq qeyri-mümkündür.
Təhsilə çatımlılıq həyatın sonrakı mərhələlərində iş bazarında nailiyyətlərə gətirib çıxarır. Azərbaycanda qadınların iş bazarındakı payına baxanda görürük ki, qadınlar təhsil və tibb kimi sahələrdə çoxluq təşkil edirlər. Lakin daha yaxından təhlil edəndə görürük ki, maaş baxımından qadınlar bu sahələrdə belə çoxluq təşkil etsələr də, aşağı maaşlı vəzifələrdə işləməyə məcbur olurlar. Məsələn, bir araşdırma nəticəsində müəyyən olunub ki, Azərbaycanda təhsil sahəsində çalışanların təxminən 80%-ni qadınların təşkil etməsinə baxmayaraq, təhsil sahəsində çalışan kişilər qadınlardan 15% çox maaş alırlar (Wallwork, 2016). Buna səbəb olaraq, kişilərin məhz az sayda yuxarı maaşlı idarəçilik rollarını tutması göstərilir. Daha ətraflı aşağıdakı yazıdan oxuya bilərsiniz.
Qadınlaşmış müəllimlik problemdir? | by Abbas Abbasov | Medium
Xüsusilə pandemiya səbəbindən təhsilə çıxışın bir qədər də çətinləşdiyi bir vaxtda ölkəmizdə təhsil və karyera potensialını artırmaq və qadınların təhsilə çıxışı ilə bağlı problemləri həll etmək cəmiyyətimizin başlıca prioriteti olmalıdır. Azərbaycanda qadınların təhsili ilə bağlı bu və bu kimi digər problemləri müzakirə etmək üçün 30 yanvar, 2021-ci il tarixində Bakı vaxtilə saat 17:00-da gender məsələləri üzrə ekspert Şəms Mustafayeva, layihə komandamız, bir qrup ŞQTP təqaüdçüləri, eləcə də tərəfdaş təşkilatımız Rondine Beynəlxalq Sülh Laboratoriyası ilə birlikdə virtual dəyirmi masa keçirəcəyik. Tədbir haqqında əlavə məlumatı aşağıdan əldə etmək mümkündür.