Soba

Abbas Abbasov, PhD
2 min readNov 12, 2017

--

Qışın oğlan çağıydı. Hava təzə-təzə ayazıyırdı. Büllur sırsıralar şəbəkəli aynabəndin damından ayaqlarını sallamışdılar. Qoca yaxınlaşıb aynabəndin pəncərəsindən bayıra boylandı. Qar dənələri dəvə yerişi tək aramla süzə-süzə yerə yatırdılar. Evin qarşısındakı alçaqboylu ağacların çılpaq budaqları üzərinə qonan qar ilk baharda yenicə pöhrələnmiş, gül-çiçək açmış meyvə bağını xatırladırdı. Qoca bu mənzərəyə baxdıqca ruhlanır, pəncərələri laybalay açıb tazə havanı evə buraxmaq istəyirdi. Dözməyib əlini pəncərənin cəftəsinə atdı, onu aşağı çəkən kimi şaxta ilan təkin içəri daxil oldu. Təmiz lakin soyuq hava bütün otağa doldu. Şaxta qocanın qırışmış üzünə vurduqca sanki bütün hüceyrələrini, qanını təzələyirdi. Bundan həzz alan qoca qollarını bayıra uzadıb dərin bir nəfəs aldı. Canına çəkdiyi təravətli hava onun üçün dərman əvəziydi.

Çox keçməmiş qoca üşüdüyünü hiss edib tez pəncərəni bağladı. Otağın küncündə dayanan köhnə sobaya yaxınlaşdı. Kibriti çəkib sobanın fitilini yandırdı. Soyuq otaqda alovlanan balaca fitil döyüşdə aciz qalmış kiçik bir uşağa bənzəyirdi. Qoca sobaya yaxın oturub fikrə getdi. Otaqda pozulmaz bir sükut vardı. Yavaş-yavaş qızan soba vıyıltılı səsiylə sanki segah oxuyurdu. Qoca sobanın yanğılı ifasına qulaq asdıqca cavanlığını yada salır, bu səs onun qəlbində həzin duyğular oyadırdı.

Qəfil döyülən qapı otaqdakı sükutu pozdu. Qoca ayağa qalxıb qapıya yaxınlaşdı. Səslərindən və hay-küydən anlamışdı ki, gələn şagirdləriydi. Qoca şagirdlərini sobaya yaxın əyləşdirib hamıya isti çay gətirdi. Bu dəfə də o, şagirdləriylə Füzulinin qəzəllərini oxuyub, orada gizlənən hikməti onlara izah edəcəkdi. Kitabı əlinə alıb avazla şeiri oxumağa başladı. Hamı diqqətlə qocaya qulaq asırdı. Qocanın məharətlə oxuduğu, rəməl vəznində yazılmış qəzəli sobanın ahəngdar vıyıltısı tamamlayırdı. Soba saraylarda qurulan şeir məclislərində qəzəlxanları müşayiət edən musiqiçiləri xatırladırdı. Qoca hər qəzəli oxuyandan sonra şairin çatdırmaq istədiyi fikri, şeirin qayəsini şagirdlərinə başa salır, onların suallarına cavab verirdi. Bayaq bumbuz olan otaq qocayla şagirdlərinin qızğın müzakirəsindən isinməyə başlamışdı.

Dərs qurtarandan sonra hamı xoş əhval-ruhiyyədəydi. Qoca şagirdlərinə tapşırıqlarını verib, onlarla birlikdə evdən çıxdı. Mehriban sinif deyə-deyə, gülə-gülə qar örtmüş cığırla irəliləyirdi. Nəğməkar soba isə evdə yalnızdı. Soyuq daş-divar arasında qalmış sobanın artıq vıyıltısını eşidən yox idi. Qəflətən başlanan külək pəncərənin laylarını divara çırpdı. İçəri daxil olan zalım külək bir göz qırpımında cılız fitilin alovunu söndürüb sobanın musiqili səsinə son qoydu. Yazıq soba yalnız indi anlamışdı ki, insanlarsız nə bu evi, nə də ki bu dünyanı heç nə isidə bilməz.

Fevral 2005

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert