Tək əldən səs çıxar?!
Məktəbli vaxtlarımızda atalarımızın hikmətini zarafatla sorğulasaq da, həqiqət orasındadır ki, tək bir insan digərlərinin həyatında yaxşılığa doğru böyük dəyişikliklər etməyə qadirdir. Əziz müəllim və insanlıq idealı Dr. Şəhla Qarayevanın həyat hekayəsi buna sübutdur. Mənim müəllimim öz insaniyyəti ilə yüzlərlə insanın həyatını dəyişib və bunu etməyə davam edir.

Şəhla Qarayevanın vəfatından üç ilə yaxın vaxt keçsə də, onun irsi hələ də yaşayır. Həyatına və müəllimlik karyerasına Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində başlayan Şəhla müəllim 2018-ci ilin aprelində xərçənglə uzun müddət mübarizədən sonra həyatdan köç edib. Kənd məktəbində başlayan karyerasını Bakı Dövlət Universitetində ingilis dili və amerikan ədəbiyyatı üzrə dosent olaraq başa vuran Şəhla Qarayeva onu tanıyanlar tərəfindən işinin peşəkarı, dürüst, həyatsevər və qeyri-ənənəvi müəllim olaraq yaddaşlarda qalıb.

Lakin Şəhla Qarayevanı hamının sevimlisi olan Şəhla müəllim edən onun həyata baxışı, prinsipiallığı və dərslərində biliklə yanaşı, yüzlərlə şagird və tələbələrinə insanlıq dərsi keçməyi olub. 90-cı ilin əvvəllərində Füzulidəki kənd məktəbində dərs dediyi şagirdlərdən biri Şəhla Qarayevanı belə xatırlayır:
“Hər dəfə dərs zamanı bizi yazı lövhəsinə çıxardaraq orda ingiliscə sözlər yazdırırdı. [..] Biz də bəzən çətin sözləri əlimizin içinə yazırdıq, lövhəyə çıxanda, imkan yaranan kimi əlimizə baxıb lövhədə yazırdıq. Bir dəfə mən də elə edəndə Şəhla müəllimə gördü və durub mənə yaxınlaşdı. O, mənə ‘Qorxma, aç əlini’ dedi. Əlimi açdım, əlimin içindəki yazıları görəndə, həm mənə, həm digər uşaqlara ‘Əlinizi yazmayın, çətinlik çəkəndə məndən soruşun, sizə kömək edərəm. Gəlin bir-birimizi aldatmayaq, bir-birimizə kömək olaq’ dedi”.
Onilliklər keçsə belə, bu xatirənin yaddaşda həkk olması mahir müəllim və humanist pedaqoqun göstəricisidir. Şəhla Qarayeva hər bir dərsini girdiyi auditoriya qarşısında tam məsuliyyətini anlayaraq keçirdi. İşinin qayəsi sevgi və hörmətdən ibarət idi. Onun xatirəsinə ithafən yaratdığımız Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Dr. Qarayevanın həyatı boyu sadiq qaldığı dəyərləri və idealları təlqin edir. Bilirəm ki, vəfatından sonra belə ŞQTP vasitəsilə insanların həyatında dəyişiklik etməyə davam etməsi həqiqi mənada Şəhla müəllimin ən böyük arzusu olardı.

Bu il fəaliyyətimizin üçüncü ilinə addımlayarkən ŞQTP vasitəsilə maddi və mənəvi dəstək almış on təqaüdçümüz Şəhla Qarayevanın irsindən birbaşa yararlanan ilk gənclərimizdir. Təqaüdçülərimiz haqqında daha ətraflı vebsaytımızdan məlumat almaq olar. Onların sayının daha da artması və Şəhla Qarayevanın xatirəsinin yaşaması üçün biz davamlı olaraq ianə kampaniyamız vasitəsilə yeni imkanlar yaratmaq istiqamətində çalışırıq.
Bəlkə atalarımız doğrudan da haqlıdır — tək əldən səs çıxmaz. Şəhla müəllimin tələbəsi olmasaydım, altı nəfərdən ibarət komandamız olmasaydı, bizə maliyyə və proqram təminatı göstərən iki yüzdən artıq ianəçimiz olmasaydı, müəllimimin irsi çoxdan unudulmuşdu da bəlkə? Elədir, yox?! Lakin böyük bir qəhrəmanlıq etmədən, sadəcə öz işini sevə-sevə gördüyünə görə yaddaşlarda qalan Şəhla Qarayeva olmasaydı, bunların heç biri də olmayacaqdı…