Çuşkalıq 2.0: Qıjı yoxsa Гыыыжы?

Öz kimliyimizi yenidən kəşf etmək üçün imperialist təfəkkürünün bizə sırıdığı ali mədəniyyət yalanlarına şüurlu yanaşmalı, azərbaycanlı kimliyi, Azərbaycan dili üzərində qurulan və cəmiyyətimizdəki irqi, etnik, cinsi, linqvistik və s. müxtəliflikləri tərənnüm edən, eləcə də heç bir ayrı-seçkiliyin yol verilmədiyi cəmiyyət idealları formalaşdırmalıyıq.

Abbas Abbasov, PhD
3 min readJun 17, 2019

Keçən il çuşkalıq haqqında yazıma olan iradları ümumiləşdirsəm, tənqidçilərin mövqeyini belə ifadə etmək olar: “Cəmiyyətdə olan aşağı mədəniyyət forma və davranışları, zövqsüzlükləri ‘çuşka’ adlandırmaq düzgündür”. Bu yolla sanki həmin şəxslər cəmiyyətimizdə işlək bir ifadəyə çevrilmiş ‘çuşka’ anlayışının istifadəsinə haqq qazandırırdılar. Lakin bu mövqe ‘çuşka’ sözünün haradan gəldiyi, necə istifadə olunduğu, kimin ‘çuşkalığı’ müəyyənləşdirdiyi və onun istifadəsinə qarşı arqumentlərə tamamilə biganə yanaşır.

Çuşkalığın haradan yaranması və tarixçəsi haqqında İlqar Fəhmi “Bakı tarixindən kollaj” kitabında yazır:

“Bu zümrəyə məxsus şəxslər [rusdilli psevdobakılılar] özlərini daha çox Avropalı hiss etdiklərinə görə, bizim əyalət adamlarına yuxarıdan aşağı baxırdılar, onları geridə qalmış hesab edirdilər ki, bu da məlum məsələdir ki, çoxlarının xoşuna gəlmirdi” —

İlqar Fəhminin fikrincə, “çuşka” anlayışı 50-ci illərin sonlarında sovetlərin ali təhsilə çatımlılığı genişləndirməsi, iş imkanlarının artımı və s. səbəblərdən başlayan əyalətdən Bakıya böyük insan axını nəticəsində yaranıb. Yuxarıda da qeyd edildiyi kimi, Rusiyada “eşşək kimi içib palçıq içində eşələnən alkaşlara şamil edilən epitet” (səh. 189), yəni çuşkalıq məhz Bakıda yaşayan rusdilli əhali tərəfindən əyalətdən gələnlərə şamil edilirdi.

Sizcə, o vaxtdan bu yana nəsə dəyişib? “Çuşka” sadəcə yeni formalar alıb. Yeni “qıjı” kimi ifadələr peyda olub (bu haqda bir az sonra). İlk öncə gəlin çuşkalıq haqda anlayışlarımızı bir az yoxlayaq. Əgər kiməsə çuşka sözünün tam əksini başa salmalı olsaz, nə edərsiz? Sizcə, orta hesabla kim qəti çuşka sayıla bilməz? Yəqin ki cavab olaraq, rusdilli olmaq, şəhərlərdə yaşamaq, ədəbiyyat incilərini bilib onlar haqqında danışa bilmək, yüksək musiqi və ədəbi zövqə sahib olmaq və s. kimi digər səciyyəvi xüsusiyyətlər ağlınıza gəldi.

İndi isə Sovetlərin dağılması ilə Azərbaycanda, eləcə də digər post-sovet ölkələrində meydana gələn intellektual elita və ya cəmiyyətin qaymaqları sayılacaq insanların hansı xüsusiyyətlərə malik olduğuna fikir verin. Yəqin yuxarıda çuşkalığın əksi olaraq bildirdiyiniz əksər xüsusiyyətləri post-sovet elitanın nümayəndələrinə də aid etdiniz. Bu təsadüfi deyil!

Məni səhv başa düşməyin. Özünü intellektual elita sayan insanların rusdilli olması, şəhərlərdə yaşaması, ədəbiyyat incilərini bilməsi, yüksək musiqi zövqünə sahib olması qəbahət deyil, əksinə təqdirəlayiqdir. Qəbahət həmin şəxslərin imtiyazlı mövqelərindən irəli gələrək kimlərisə çuşka olaraq damğalaması və bu yolla cəmiyyətimizdə mədəni iyerarxiya yaradıb neoimperializm siyasəti yürütməsidir. Bu mədəni neoimperializmdə və onun bugünkü formalarında rus dili və mədəniyyəti sadəcə alət olub, məqsəd isə yerlərdəki xalqları əzib idarə etmək olub.

Təəssüf ki çox vaxt həmin psevdobakılılar öz imtiyazlı mövqeyindən cəmiyyətimizin inkişafı, insanların savadlanması və imkansız şəxslərin həyatının yaxşılaşması naminə istifadə etmək yerinə, çuşka olaraq etiketlədikləri insanları gülüş hədəfinə çevirmək, bir qədər də əzmək və cəmiyyətdən çıxdaş etməklə məşğuldurlar. Buna qısaca olaraq, İlqar Fəhminin təsvir etdiyi anti-çuşka mədəniyyəti də demək olar.

İndi gələk çuşkalığın yeni forması olan qıjılığa. Azərbaycan dilində təhsil almış biri kimi deyə bilərəm ki, botanika dərslərində haqqında öyrəndiyimiz qıjıkimilər ilə çuşka anlayışlarının yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Lakin çuşkalığı bildirmək üçün yeni yayılan “qıjı” sözünün bir slenq olaraq işlədilməsinə rusdilli olaraq baxıb məna vermək istəyəndə maraqlı bir vəziyyət yaranır. Rus dilində gülünc bir hadisəni və ya ələ salınan vəziyyəti bildirən “Гыыы” slenq olaraq geniş işlənir. Nə qədər spekulyativ səslənsə də, rusdilli biri tərəfindən tam əlaqəsiz şəkildə “гыыы”mənasını vermək üçün “qıjı” sözünün çuşka əvəzi olaraq işlənmə ehtimalı heç də yersiz deyil.

Bütün bunlar bir daha ona dəlalət edir ki, çuşkalıq bir imperialist təfəkkürüdür və sadəcə şəhərli-əyalət mübarizəsini ifadə etmir. Öz kimliyimizi yenidən kəşf etmək üçün imperialist təfəkkürünün bizə sırıdığı ali mədəniyyət yalanlarına şüurlu yanaşmalı, azərbaycanlı kimliyi, Azərbaycan dili üzərində qurulan və cəmiyyətimizdəki irqi, etnik, cinsi, linqvistik və s. müxtəliflikləri tərənnüm edən, eləcə də heç bir ayrı-seçkiliyin yol verilmədiyi cəmiyyət idealları formalaşdırmalıyıq.

--

--

Abbas Abbasov, PhD

Researcher studying higher education systems #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert